Qaraciyərin və ürəyin dostu
Qədim əfsanələrə görə Zevs Sinara adlı bir qıza məhəbbət bəsləyir, onu öz yanına, Olimpə çağırır. Lakin qız xəbərdarlıq etmədən torpaqda itir. Bundan qəzəblənən Zevs onu tikanlı bir bitkiyə çevirir. Beləliklə, yer üzündə Cynara scolymus L - Ənginar (artişok) birkisi yaranır.
Ənginarın vətəni Ağdəniz bölgəsi sayılır. Azərbaycanda da bu bitkiyə rast gəlmək olar. Əsasən Lerik, Şamaxı və Mərəzə ərazisində bu bitkinin 2 növü becərilmişdir. Ənginar (artişok) – yerüstü gövdəsinin hündürlüyü 2 metrə qədər çata bilən iri yarpaqları, mavi və ya bənövşəyi çiçəkləri olan bitkidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqust ayında yetişir. Təbiətdə onun yabanı növlərinə də rast gəlinir. Bitkinin torpaq üstündə olan orqanları bir illik, torpaq altında olan kök sistemi isə çoxillikdir. Rast gəlindiyi yerdə 8-10 il qala bilir və məhsul verir.
Kimyəvi tərkibi
Ənginarın yarpaqları, toxumları, çiçəkləri və köklərində bir sıra bioloji aktiv maddələr aşkar edilmişdir.
Yarpaqlarının tərkibində zülal, karbohidratlar, aşılayıcı maddələr, sellüloza, karotin, C, B1, B2, B6, K vitaminləri, bitki yağı var.
Tərkibindəki kafeilxin turşuları (kofe turşusu), flavonoidlər və acı maddələr xüsusi ilə əhəmiyyətlidir. Bitkinin bütün hissələrində yerləşən turşuların tərkibində olan sinarin qlikozidinin bioloji aktiv xüsusiyyətləri artıq 20-ci əsrin 30-cu illərində məlum idi. Onun parçalanması nəticəsində kofeyin və xinin turşuları əmələ gəlir. Lakin təcrübələr göstərmişdir ki, sinarindən ayrılıqda istifadə zamanı terapevtik effekt nisbətən az olur. Deməli, təkcə sinarin deyil, ənginarın tərkibindəki digər turşuların kompleks təsiri daha effektlidir.
Bitkinin tərkibində minerallardan kalium, dəmir, kalsium, marqans, maqnezium, fosfor, sink və b. aşkar edilmişdir. K, Na duzları orqanizmdə qələvi mühit yaradaraq mədədə turşuluğu azaltmaq baxımından əhəmiyyətlidir.
Ənginarın tərkibində inulin maddəsi aşkar edilmişdir. İnulin təbii karbohidrat olub, bəzi bitkilərdə təsadüf edilir (ən çox topinamburda – yerarmudunda var). İnulin orqanizm tərəfindən asan mənimsənilir, bu isə onun şəkərli diabetdə nişasta və şəkər əvəzedicisi kimi işlədilməsinə imkan verir.
Faydası:
Ənginarı qaraciyərin və ürəyin dostu adlandırırlar.
Onun tərkibində olan kompleks maddələr qaraciyərin, öd kisəsinin işini normallaşdırır, ödün əmələ gəlməsi və qovulmasını bərpa edir. Qaraciyərin və öd kisəsinin müxtəlif xəstəlikləri: hepatitlər, qaraciyər, hiperxolesterinemiya zamanı effektlidir. Xolesterin mübadiləsinə (həmçinin damarları xolesterindən azad edir) təsir etdiyi üçün aterosklerozun və ürək-damar sistemi xəstəliklərinin profilaktikası və müalicəsi üçün əhəmiyyətlidir.
Antioksidantdır. Bu xüsusiyyəti orqanizmdə maddələr mübadiləsinin aralıq məhsullarını - sidik gövhərini, kreatini, sidik turşusunu və digərlərini, eləcə də toksiki birləşmələri orqanizmdən çıxarması ilə izah olunur. Ənginar orqanizmi ağır metal duzlarından və radionuklidlərdən azad edərək qanı təmizləyir. Yağları, toksinləri (alkoqol daxil olmaqla) parçalayır. Özünə civə, qurğuşun hopdurmur, hətta çirklənmiş torpaqda yetişsə belə.
Diuretik təsir göstərir.
Bu baxımdan hipertoniyadan əziyyət çəkənlərə məsləhət görülür. Böyrək çatışmazlığı zamanı müsbət təsiri var.
Qida həzminin normal getməsinə kömək edir, həmçinin ürəkbulanma və qusmanı aradan qaldırır. Onu köpmə və qəbizliyin müalicəsində də istifadə edirlər. Qıcqırmadan azad olmaq üçün məsləhət görülür, mədədə ağırlıq hissi, meteorizm, gəyirmə zamanı effektlidir.
Tərkibindəki K və Na duzları mədədə qələvi mühit yaratdığı üçün turşuluğu yüksək olan qastritlərdə faydalıdır. Mədə turşuluğu aşağı olduğu zaman və qan təzyiqi enmiş vəziyyətdə istifadə etmək məsləhət deyil.
Sərxoşluqdan sonrakı sindrom zamanı effektlidir. Dietoloqlar içkidən sonra bir neçə meyvə yeməyi və səhərə hər şeyin normal olacağını söyləyirlər.
Onun istifadəsi zamanı cinsi fəaliyyətin artması da təsdiq edilir.
Dərini qidalı maddələrlə zənginləşdirərək təravətli saxlanmasına kömək edir.
Ənginarı əsasən ekstrakt, bitki mənşəli preparat şəklində qəbul edirlər. Dadı qozun dadına bənzəyir, onu əsas qida və qarnir kimi də qəbul edirlər. Onu xarici bürüyən qalın pullardan təmizləyərək çiy halda, qaynadılmış, qızardılmış olaraq özəyini yeyirlər. Həmçinin onu konservləşdirərək yemək də olar, lakin dondurmaq olmaz - rəngi tündləşir və keyfiyyətini itirir.
Onu həm qida, həmçinin dərman kimi də işlətmək mümkündür. Əlavə təsirləri aşkar olunmayıb, beləliklə də hamıya işlətmək olar.
Ənginarın tibbə məlum olan bu qədər faydalı xüsusiyyətlərini nəzərə alaraq düşünürəm ki, insan sağlamlığı üçün qiymətli bir bitki kimi ölkəmizdə geniş becərilməsinə böyük ehtiyac var.
Hazırladı: S.Aytən