SAĞLAMLIQ

Qazlı suları içməyə ehtiyac varmı?

  • 01.09.2011

ABŞ –ın Kaliforniya ştatının Qubernatoru (eyni zamanda məşhur kino aktyoru) Arnold Şvarsneger sağlam həyat tərzinin təbliğatçısı kimi çıxış edir. Belə ki, o, orta məktəblərdə uşaqların çox sevdiyi  qazlı suların satışını qadağan etmişdir. İndi məktəb bufetlərində yalnız təmiz su, süd və ya meyvə şirəsi içmək olar. 

Onun bu addımı uşaqlarda artıq çəki problemi ilə məşğul olan dietoloqlar tərəfindən böyük  rəğbətlə qarşılandı. Buradan belə bir sual yaranır: qazlı suyu içmək olar, ya yox? Qazlı suyun tərkibində pis nə var ki?

Dietoloqlar qazlı suyu pisləyirlər. Uşaqlar isə sevirlər. Dietoloqların bu barədə bir sıra tədqiqatları var. Elə isə onların əsas etirazlarına səbəb olan komponentləri nəzərdən keçirək:

Şəkər. 1 qab qazlı suda 7-8 çay qaşığı şəkər olur. Bu isə mədəaltı vəzin işini artırır, diabet riski yaradır, nəhayət,  həddindən artıq çəkiyə doğru bir yol açır.

Kofein. Bir qayda olaraq, qazlı suların tərkibində «gümrahlıq verən element» vardır ki, bu da fiziki və psixoloji asılılıq yaradır. Yəqin ki, məhz kofein qazlı suyun olduqca populyar olmasını təmin edir. Bundan əlavə, kofein uşaqlarda və yeniyetmələrdə sinir sisteminin fəaliyyətində bəzi müxtəlif pozuntular əmələ gətirə bilər. Məsələn, onlarda özünə nəzarət azalır, narahat yatırlar, dərslərin hazırlanmasında  çətinlik çəkirlər. Uşaqlıqdan qazlı su içməyə öyrəşənlərdə vegetativ damar distoniyası inkişaf edir.

Karbon qazı – adi halda zəhərli deyil, lakin mədə-bağırsağın sekresiyasını yüksəldir, mədə şirəsinin turşuluğunu artırır, bağırsaqlarda köp yaradır.

Turşu.  Qazlı sularda çoxlu turşular var. Məsələn, ortofosfor turşusu. Onun artması orqanizmdə kalsiumun azalmasına gətirib çıxarır. Yeniyetmələrdə sümüklər böyümə dövründə olduğundan bu hal  arzuolunmazdır. Qazlı suya üstünlük verən yeniyetmələrdə sınıqlar başqalarına nisbətən  dəfələrlə  çox olur. Bundan əlavə, turşular uşaqlarda dişlərin emalına dağıdıcı təsir göstərir.

Konservantlar. Konservləşdirmək üçün içkilərə müxtəlif kimyəvi maddə qatılır ki, bunlar da müəyyən  dərəcədə zəhərlidir.

Nə qədər içmək, yaxud heç içməmək?

Əgər qazlı su hərdən bir içilərsə, o qədər də zərər törətməz. Lakin insanların çoxu (əhalinin təxminən 75%) onu mütəmadi olaraq qəbul edir. Ona görə də yadda saxlayın ki,

- 3 yaşa qədər uşaqlara hətta kiçik porsiyalarla belə qazlı su vermək olmaz;

- çalışın ki, süd və təzə çəkilmiş şirələri məhdudlaşdırmayasınız;

-çalışın ki, heç olmasa, şəkərsiz qazlı su içəsiniz.

-qazlı suyu plastmas borucuqlar vasitəsilə içdikdə dişlərin emal qatı turşuların  dağıdıcı təsirindən qorunmuş olur.

- xroniki xəstəlikdən (qastrit, kolit, mədə xorası, piylənmə, allergiya) əziyyət çəkənlər üçün qazlı sular (tərkibində konservantlar, turşular, süni aromatizatorlar olduğundan) əks göstərişdir. Belə ki, xəstəlik kəskinləşir və ya kəskin tutmalara şərait yaranır.

İçki seçdikdə kağız üzərindəkilərə diqqət yetirin. Bəzən tərkibində turşuların adı əvəzinə qida əlavələrinin rəqəmli kodunu yazırlar. Bunlara  E 121, E123, E 240, E 954a, E 924v aiddir.

 Qazlı suların yaranma tarixindən

   İlk dəfə olaraq qazlı suyu böyük ingilis kimyaçısı və əyalət keşişi Cozef Pristli kəşf etmişdir. Dini  elmlərlə yanaşı kimya ilə məşğul olan Pristli oksigen, amonyak, azot oksidi, karbon qazı və digər maddələri kəşf etmiş, suyun qazlaşdırılması üsulunu işləyib hazırlamışdır. Bütün bunlar 240 il əvvələ təsadüf edir.

Bundan sonra isə isveç kimyaçısı çoxlu miqdarda suyun qazlaşdırılması üçün qurğu düzəltmişdi. 19-cu əsrin əvvəllərində köpüklənən suya şəkər və meyvə şirəsi əlavə etməyə başladılar. 1886-cı ildə isə koka-kola kəşf olundu.

Bu yaxınlarda isə Rusiya alimləri alkoqolsuz içkilərdəki karbon qazını  oksigenlə əvəz  etməyi təklif etmişlər. Onların fikrincə, yeni köpüklənən maye  sərbəst radikalları zərərsizləşdirmək xüsusiyyətinə malikdir və hipoksiya zamanı faydalı ola bilər.  

 

 Hazırladı: S.Aytən