Böyüməyə kömək edən tərəvəzlər
Gec böyüyən uşaqlara narıncı meyvələr kömək edir – balqabaq, kök, şirin istiot. Bu nəticəyə uzun illər bu problemlə məşğul olan İsrail həkimləri gəlmişlər. Alimlər 3 – 16 yaşı olan və yaşına görə geri qalan 300 uşağı 2 qrupa bölərək onlar üzərində təcrübə aparmışlar. Birinci qrupa daxil olan uşaqların gündəlik menyusuna narıncı tərəvəzlər – kök, balqabaq, şirin kartof-batat daxil edilmiş, digər qrupa daxil olanlar isə adi qaydada qida ilə təmin edilmişlər. 1 il aparılan təcrübələrin nəticəsi göstərmişdir ki, 1-ci qrupa daxil olan uşaqların boyu il ərzində 8 sm, digərlərinin isə cəmi 4 sm artmışdır.
Aydındır ki, A vitamininin, dəmirin, sinkin çatışmazlığı böyüməni ləngidir. Lakin qeyd etmək lazımdır ki, həkimlər uşaqları sintetik vitaminlərlə deyil, məhz təbii mənbələr hesabına vitaminlə təmin etmişlər. Kimyəvi preparatlardan fərqli olaraq orqanizm özü ona olan tələbatı tənzimləyir. A vitamini sümüklərin böyümə prosesində iştirak edir, gözləri və tənəffüs yollarının selikli qişasını, damarları qoruyur. Onun çatışmazlığı zamanı uşaqlar tez-tez xəstələnir, kariyesdən əziyyət çəkir, tez yorulurlar, cinsi yetişkənliyi də ləng inkişaf edir. Kök, balqabaq, tomat, şaftalı, çaytikanı, quşarmudu, quru itburnu, həmçinin göyərtilərdən şirin istiot, cəfəri, şüyüddə də bu vitamin var. Lakin yadda saxlamaq lazımdır ki, A vitamini yağda həll olan vitamindir, odur ki, onun qəbulu zamanı rasionda mütləq yağ olmalıdır.
Hazırladı: S. Aytən