SAĞLAMLIQ

Diabetdə günah şəkərdə deyil, zülaldadır.

  • 01.09.2011

Çikaqo ştatı Universitetinin alimləri şəkərli diabet xəstəliyinin yaranmasında bilavasitə rolu olan mexanizmi aşkar etməyə müvəffəq olmuşdar. Onlar hələ ki, laboratoriya şəraitində siçanlar üzərində tədqiqat aparmışlar. Təcrübələrin siçanlar üzərində aparılması isə ona əsaslanır ki, xəstəliyin gedişi və bir çox biokimyəvi göstəriciləri insanlara daha yaxındır.

Mədəaltı vəzin xüsusi zonasında ifraz olunan insulin hormonu qlükozanı parçalamağa kömək edir. 1-ci tip şəkərli diabeti olan xəstələrdə (gənclərdə daha çox təsadüf olunur) insulin az ifraz oluduğundan xəstələr onu digər şəkildə (həb və ya inyeksiya) qəbul etməli olurlar. 2-ci tip  şəkərli diabeti olan xəstələrdə (əsasən yaşlı insanlarda) insulinin səviyyəsi kifayət qədər olduğu halda o, hüceyrələrə daxil ola bilməyərək qanda qalır. Çox vaxt belə xəstələrə  şəkəri azaldan həblər kömək etmir və onlar da insulin iynəsi vurmaq  məcburiyyətində qalırlar. Belə insanların sayı Yer üzündə milyonlarladır və ildən-ilə artır. İndi artıq şəkərli diabet sivilizasiyanın xəstəliyinə çevrilib və müalicəsi də külli miqdarda vəsait tələb edir.

Alimlərin təcrübələri göstərdi ki, xüsusi zülalın çatışmazlığı olduqda hüceyrələrə lazım olan insulinin yalnız 20% daxil olur. Məsələ burasındadır ki, ilk növbədə  mədəaltı vəzidə insulindən əvvəl proinsulin  yaranır. Onun insulinə çevrilməsi isə yüksək turşuluq şəraitində SİS-3 zülalının bilavasitə iştirakı ilə baş verir. Laboratoriya şəraitində bu zülalın kimyəvi maddələrin köməyi ilə blokada olunması isə mühitdəki turşuluğu azaldır. Nəticədə lazımi miqdarda insulin ifraz olunmur. Alimlər yaxın illərdə həmin zülalın səviyyəsini yüksəldən dərman preparatı hazırlamağı düşünürlər. Onda əksər xəstələrin gündəlik olaraq insulin inyeksiyası etməkdən canı qurtarmış olar. Alimlər həmçinin düşünürlər ki, SİS qrupuna daxil olan digər zülalların  sümük və əzələ toxumasının xəstəlikləri ilə əlaqəsi ola bilər.

 Hazırladı: S.Aytən