Kim ağır metallarla qidalanır?
Britaniya alimləri zəhərli sənaye tullantıları – qurğuşun, civə, sink, mislə qidalanan torpaq soxulcanları aşkar etmişlər. Tədqiqat qrupunun üzvləri olan Redinq universitetinin ekoloqlarının fikrincə, bu soxulcanlardan çirklənmiş torpaqların təmizlənməsi üçün istifadə etmək olar. Bu canlılar tərkibində ağır metallar və insan üçün təhlükəli sayılan digər maddələr olan qidaları asanlıqla həzm edirlər. Lakin normal, çirklənməmiş torpaq onlar üçün ölümə bərabərdir. Aparılan DNT analizi göstərir ki, həmin qeyri-adi canlılar soxulcanların yüksək zəhərlənmə şəraitində evolyusiyaya uğrayan xüsusi növüdür. Hətta maraqlı bir cəhət də budur ki, alimlərin sözlərinə görə, canlıların hər biri ayrı-ayrı sahələrdə ixtisaslaşmışlar, yəni bir növü qurğuşun, digər növü isə civə yeyir və s.
Alimlər hesab edirlər ki, bu həşəratların çoxaldılması zərərli torpaqlarda ekoloji sistemin bərpasına kömək edə bilər. Lakin bunun tam gözlənilən nəticə verəcəyinə qəti əminlik kifayət deyil.
Hazırladı: S.Aytən