SAĞLAMLIQ

Nobel mükafatı laureatlarının gəldiyi nəticə:

  • 08.11.2011

İnsan ömrünü qısaldan nədir?

 İnsanın üzünə baxaraq  ömrünün nə qədər davam edəcəyini əvvəlcədən söyləmək olar: Əgər 70 yaşına çatmış insan yaşından cavan görünürsə, onun ömrünün uzun olacağına əmin olmaq  olar.

Cənubi Danimarka universitetinin alimləri bu qənaətə  gəlmişlər. Onlar 2000 - 2008-ci illərdə 400 cüt əkizi müayinə etmiş və bu qərara gəlmişlər ki, yaşlı dövrdə xarici görünüş həyatın nə qədər davam edəcəyini  göstərən açardır.

Alimlər həmin tədiqatlarda iştirak edən əkizlərin şəklini çəkmişlər. Eyni zamanda onlar əzələ qüvvəsi və beyin funksiyasının vəziyyətini təyin edən yoxlamalar da keçirmişlər. Sonra 3 fərqli yaşda olan peşə sahibləri həmin şəkillərə baxaraq insanların yaşını təyin etməyə çalışmışlar. Tədqiqatın bitdiyi il artıq əkizlərin 37%-i həyatda yox idi. Aydın olmuşdur ki, şəkillərdə məhz daha yaşlı görünən insanlar ölmüşlər.

Alimlər insan yaşına təsir edən daha bir əlaməti  də  aşkar  etmişlər. Genetik olaraq insanın qocalmasına xromosomların uc hissələri olan telomerlər cavabdehdir. Telomerlər nə qədər qısa olarsa, hüceyrələrin qocalma prosesi bir o qədər aktiv  baş verir və orqanizmin onkoloji xəstəliklərə tutulmaq meyli də bir o qədər yüksək olur. Telomerləri ölçərək bunu bilmək olar. Belə insanlar əlavə risklərdən, məsələn, siqaret çəkmək, günəş şüalarının təsirinə məruz qalmaq, depressiya və digər sosial - psixoloji şəraitdən özlərini qorumalıdırlar.

Əslində bu tədqiqatın sadə məntiqi nəticəsi çoxdan məlumdur: insan nə qədər yaxşı, normal sağlamlıq vəziyyətində görünürsə, deməli bir o qədər də çox yaşama ehtimalı yüksəkdir.

Telomelər xromosomların uclarında yerləşən hissələrdir və DNT fraqmentlərindən təşkil olunmuşlar. Telomerlər genlərin  deyil, zülalın strukturu haqqında informasiyanı daşıyan hssəciklərdir. Onlar xromosomları sanki çox işləmədən, yəni daha çox istifadə olunmaqdan qoruyurlar. Lakin bununla belə  xromosomlar hər bölünmədə qısalır və artıq müəyyən mərhələdə hüceyrələr bölünə bilmirlər. Alimlər bu məqamı son vaxtlar aşkar etmişlər. Məhz şiş hüceyrələrinin nəzarətsiz bölünməsinin qarşısını almaq mümkün olarsa, o zaman  xərçəng əmələ gəlməsini dayandırmaq olar.  Lakin telomerlər qısaldıqdan sonra xromosomlar bölündükdə digər hüceyrələrə yapışa bilər və onları zədələyərək xərçəngə yol açar. Bu zaman telomerlərə təsir edərək xərçəng əmələ gəlməsinin qarşısını almaq olar. İlk dəfə məhz bu üsuldan Kaliforniyada istifadə edərək melanoma əmələ gəlməsinin qarşısı alınmışdır.

Alimlər daha bir açıqlama etmişlər: kişilərdə telomerlər daha qısa olur və  onların dağılma ehtimalı daha yüksəkdir. Yəqin elə bu səbəbdən  də statistikaya görə kişilərin ömrü qadınlara nisbətən daha qısa olur.

Məhz 2009-cu il tibb  və fiziologiya sahəsində Nobel mükafatına layiq görülən alimlərin apardığı tədqiqatlar bu problemin həlli ilə bağlı idi.

ABŞ tədqiqatçıları sübut etdilər ki, telomerlər hüceyrə nüvəsi daxilində olan törəmədir və DNT molekulunun stabilliyini qoruyur. Alimlər aşkar etdilər ki, telomerlər yaş ötdükcə qısalır, xərçəng hüceyrələri isə əksinə, çoxalırlar. Yəqin ki, alimlərin bu açıqlaması   təbabətii ən müəmmalı sirlərindən biri olan xərçəngin əmələ gəlmə səbəblərini açmağa xidmət edəcək.

 Yaşlı insan necə qidalanmalıdır?

 Qocalıq  - irsi proqramlaşdırılmış hal olub, bir  qayda olaraq, bəzi xroniki xəstəliklərlə müşayiət olunur. Onların sonrakı inkişafını ləngitmək və həyat keyfiyyətini yaxşılaşdırmaq isə qidanın köməyi ilə mümkündür. Bunun üçün ürək-damar, sümük-oynaq sistemi, hipertoniya, 2-tip şəkərli diabet, qastrit, qaraciyər, öd kisəsi xəstəlikləri, pankreatit və  xərçəng xəstəlikləri zamanı əsas müalicə pəhrizlərinin prinsipləri istifadə olunmalıdır. Lakin rasion tərtib edərkən nəinki xəstəliklər,  həm də yaşlı dövrün  əsas problemləri nəzərə alınmalıdır.

Yaşlılarda əsasən çeynəmə zamanı çətinliklər yaranır ki, bu da dişlərin kariyesi və lazımi miqdarda olmaması ilə əlaqədardır. Ona görə də yeməklərin yumşaldılmış, sürtgəcdən keçirilmiş şəkildə yeyilməsi daha rahatdır. Məsələn, əti çəkilmiş halda, meyvə və tərəvəzləri qaynadılmış və ya kisel halında yemək məsləhətdir. Sıyıqların, xüsusilə qarabaşaq sıyığı, yulaf və perlova xırdalanmış və yarı-maye halında olması daha məsləhətdir.

Uzun müddət dərman  preparatlarının qəbulu yaşlılarda dadın dəyişiməsi və orqanizmin intoksikasiyası yarada bilər. Bu isə  nəticədə iştahın pozulmasına və yeməkdən imtina  edilməsinə də gətirib çıxara  bilər. Bu halların baş verməməsi üçün iştahı stimulə edən, dərman preparatları mübadiləsinin toksiki məhsullarını orqanizmdən xaric edən qidalar yeyilməlidir. Bunun üçün göyərtili tərəvəz və ət bulyonları, turşulardan xiyar və seld yeyilməsi icazə verilir. Bura sürtgəcdən çəkilmiş sarımsağı da əlavə etmək olar. Həmçinin rasionda meyvələr, giləmeyvələr, tərəvəzlər, yarmalar, bir sözlə, qida lifləri üstünlük təşkil etməlidir. 

Yaşlılarda daha bir problem qəbizliyin olmasıdır. Bu hal mədə-bağırsaq traktının hərəki funksiyasının patoloji dəyişikliklərindən, insanın fiziki aktivliyinin azalmasından və qida liflərinin az olması səbəbindən  baş verir. Lakin ən əsası odur ki, yaşlı insanların öz doğmalarının   köməyinə və qayğısına hər zaman ehtiyacı var. Onları diqqətinizdən kənar qoymayın və daim onları sevgi və mərhəmətlə yad edin.

 

Hazırladı: S. Aytən