SAĞLAMLIQ

Dəri üçün günün rejimi

  • 08.12.2012

Dəriyə öz sağlamlığını,  təravətli  görünüşünü  qaytarmaq üçün onun sutkalıq cədvəlini öyrənin. Bununla da siz, dərinizə düzgün qulluq etməyin nə demək olduğunu öyrənəcəksiniz.

Kosmetoloqlar hər dəfə dəridən söz açarkən qeyd edirlər ki, krem seçərkən mütləq dərinin hansı tipə aid olduğunu nəzərə almaq lazımdır. Lakin sən demə, bu da kifayət deyil. İnsan dərisi  özünəməxsus xüsusiyyətlərə malikdir və krem seçərkən bunlara fikir vermək mütləqdir.

Məsələn, tutaq ki, biz sutkanın 8 saatını yatırıq, gəlin günün qalan saatlarını sağlamlıq zonalarına bölək. Məhz bu zaman hansı kremin  dərinizə düşməsi  aydın olur.

Səhər saat 7.00

Bu zaman ürək aktiv olaraq yığılır, damarlarda tonus dəyişir, daxili sekresiya vəzilərinin fəaliyyəti yüksəlir. Ona görə də dəriyə daha çox hormonlar daxil olur. Dəri mayeni və onda həll olan maddələri özünə çəkir. Bu zaman üzünüzə vitaminlərlə və minerallarla zəngin yüngül nəmləndirici krem çəkə bilərsiniz.

Səhər saat 8.00-10.00

Qan dövranı aktivləşir. Dəri olduqca həssasdır. Bu zaman dərini gündüz kremi çəkməklə müdafiə edirlər. Belə kremlər onu ultrabənövşəyi şüalardan və nəmliyini itirməkdən qoruyur.

Səhər saat 11.00-12.00

Piy vəzilərinin fəaliyyəti aktivləşir. Ona görə də üzün dərisində yağlı parıltı yaranır və məsamələr görünür. Bu zaman parıltısız krem çəkmək məsləhətdir. Bəzən kompakt pudradan da istifadə etmək olar.

Günorta  saat 13.00-14.00

Dəri o qədər də təravətli görünmür, qırışlar nəzərə çarpır. Təkcə dərinizi deyil, özünüzü gümrahlaşdırmaq üçün soyuq su ilə yuyunun və ya dərini tonuslandırıcı lasyon hopdurulmuş salfetlə silin.

Günorta  saat 15.00-18.00

İş gününün qızğın çağı. Bu saatlarda dərinin nəmliyi intensiv ötürülür. Beləliklə, bu saatlarda kosmetik prosedurlar etmək faydalı deyil.

Axşam  saat 18.00-23.00

Dəri oksigeni intensiv udur və istənilən kremləri yaxşı qəbul edir. Bu məqsədlə müxtəlif gellər, südlər, köpüklərdən istifadə edilə bilər.

Gecə saat 23.00-05.00

Gecə kremlərinin tərkibində olan qidalandırıcı maddələr dəri tərəfindən məhz gecə saatlarında intensiv qəbul olunur.  

 Gündəlik məsləhətlər:

 -yadda saxlayın ki, hətta ən bahalı krem yüksək dozada zəhərlidir. Dəri daimi müdafiəyə və həddindən artıq qidalanmaya öyrəşdikdə tənbəlləşir və lazımi maddələr ifraz etmir, deməli, özünün müdafiə qabiliyyətini itirir.

-boynun dərisi üzün dərisindən dəfələrlə qurudur. Ona görə də daha çox yağlı vasitələrə ehtiyacı var.

-arzuolunmaz tüklərin çıxa biləcəyi sahələrə qidalandırıcı kremlər çəkməyin. Onlar həm də tüklərin böyüməsini stimulə edirlər. Bu sahələr üçün nəmləndirici və tonuslandırıcı vasitələrdən istifadə edin.

-əgər siz növbəli işdə çalışırsınızsa və ya iqlim dəyişikliklərinə məruz qalırsınızsa, eksperimentdən qorxmayın, məsələn, gecə və gündüz kremlərinin yerini dəyişib istifadə edin.

Hazırladı: S. Aytən