SAĞLAMLIQ

Təbəssüm yarada biləcək 3 qida məhsulu haqqında

  • 23.01.2009

Şübhəsiz ki, insanın əhval-ruhiyyəsi müxtəlif amillərdən asılıdır, eləcə də xoşbəxtlik hormonundan. Bu ad altında bir  neçə hormon nəzərdə tutulur: endorfinlər, enkefalinlər, serotoninlər. Bu hormonların yüksək dozası bəzi məhsullarda var ki, onları vaxtaşırı olaraq qida rasionuna daxil etmək lazımdır.

 Şokolad

Xoşbəxtlik hormonu aktivləşdirmək üçün ən sadə və asan üsul karbohidratlarla zəngin qida yeyilməsidir. Bu baxımdan dietoloqlar xüsusilə şokolad yeməyi məsləhət görürlər. Məsələn, ingilis alimləri aşkar etmişlər ki, əhval-ruhiyyəni yüksəltmək üçün kiçik şokolad parçası qəbul etmək kifayətdir. Şokoladın tərkibində karbohidratdan başqa kafein və teobromin də var ki, bu da psixostimulyatorlara aiddir. Bu maddələr  şokoladda az olsa da  təsiri var: maddələr mübadiləsini yüksəldir, iş qabiliyyətini artırır.

Bu yaxınlarda aparılan tədqiqatlar göstərdi ki, şokoladda çətənənin (marixuananın) tərkibində olan fenilalkilamin maddəsi var, Lakin bu, insanları qorxutmasın. Çünki şokolad asılılığının yaranması üçün külli miqdarda şokolad yemək lazımdır. Digər tərəfdən, yorğunluq, stress, qəmgin olmaq insanın şokolada olan meylini artırır. Demək, soyuq qış günündə, buludlu - yağışlı payız günlərində şokolad yemək tam yerinə düşər. Lakin qeyd edək ki, acı şokolad daha xeyirlidir.

 Banan

Banan həmçinin xoşbəxtlik və sevinc gətirir. O nəinki lazımi endorfin ifraz edir, həm də tərkibində hazır serotonin var. Qeyd edək ki, isətər vitaminlər, istərsə də digər maddələr təzə banan meyvələrinin  tərkibində olur. Vaxtı ötmüş və ya hər hansı bir termiki işləməyə məruz qalmış, konservləşdirilmiş bananın tərkibində heç bir vitamin və ya faydalı maddə qalmır.

Bananı səhər qəhvəaltı zamanı yemək daha məsləhətdir. Belə ki, səhər günün elə vaxtıdır ki, bu zaman depressiya ən yüksək həddə olur. Bu zaman bananın tərkibində serotonin 1 saata mənimsənilir. Ona görə də işə gedərkən artıq yolda əhval-ruhiyyə yüksəlir, yeni qüvvə gəlir, iş qabiliyyəti artır.

 Dondurma

Dondurmanın sinir sistemini sakitləşdirməsi haqqında fikirlər artıq məlumdur. Bəzi alimlər hətta gecə yatmazdan əvvəl dondurma yeməyi məsləhət görürlər.  Amerika alimləri isə aşkar etmişlər ki, dondurma əhval-ruhiyyəni yüksəldir. Bunu bəyan etdikdən sonra ABŞ-da dondurma yeyənlərin sayı artmışdır. Əgər əvvəllər hər adam başına ildə 7,5 kq dondurma düşürdüsə, indi artıq bu rəqəm 12-13 kq çatır. Bizim ölkədə isə yəqin bunu hələ çox adam bilmir. Bundan başqa, qadınların çoxu artıq çəki yaranmasından ehtiyat etdiyi üçün şirniyyat yeməyi azaldır. Lakin qışda enerji itkisi artdığına görə karbohidratlardan imtina etmək düzgün deyil. Alimlər qeyd edirlər ki, dondurma yedikdən 1-1,5 saat sonra əhval-ruhiyyə yüksəlmiş olur.

Hazırladı: S. Aytən