SAĞLAMLIQ

Ət əvəzinə göbələk də yemək olarmı? - Rahat uçuş Dəri niyə qocalır? - Quru meyvələrə nəzarət edilməlidir

  • 30.01.2009

Ət əvəzinə göbələk də yemək olarmı?

Əgər siz pəhriz saxlayırsınızsa, ət yeməklərindən imtina edib göbələk yeyə bilərsiniz. Bunu Amerika fizioterapevtləri məsləhət görürlər. Göbələklərin kalorisi ətə nisbətən daha azdır. Eyni zamanda bu məhsul aclığı tez aradan qaldırır və iştahı tənzimləyir. Göbələklərin tərkibində həmçinin D vitamini də vardır ki, onun çatışmamazlığı planetin əhalisinin çoxunda müşahidə olunur. Onlarda doymuş yağ turşuları və xolesterin  yoxdur. Onlar silisiumun  bitki mənşəli mənbəyidir, tərkibində  yüksək konsentrasiyada  B qrupu vitaminləri  vardır ki, onlar da   sinir hüceyrələrini mühafizə edir, zülal və karbohidrat  mübadiləsini tənzimləyirlər. Laakin yaddan çıxarmayın ki, purin mübadiləsinin pozğunluğu ilə müşayiət olunan xəstəliklər zamanı (podaqra) göbələk və ondan hazırlanmış məhsulları qəbul etmək əks göstərişdir.

 Rahat uçuş

Böyük Britaniya Qrinviç Universitetinin mütəxəssisləri təyyarə salonunda  hansı oturacaqların daha təhlükəsiz olduğunu aydınlaşdırmışlar. Onlar son 25 il müddətində 105 aviaqəzaların səbəb və şəraitini müəyyənləşdirmiş və qəzadan zərər çəkmiş 2 min insanı dindirmişlər. Təyyarənin on hissəsində əyləşən sərnişinlərin vəziyyəti daha yüngüldür. Onların təhlükəsizliyi  65%, quyruqda əyləşənlərin  isə 53% dir. Bu mülahizələr təyyarə qəzası yanacağın yanması nəticəsində  baş verdikdə müşahidə olunur. Əgər təyyarənin yanması enmə nəticəsində baş verirsə, bu zaman arxada əyləşənlərin yeri daha təhlükəsizdir. Vacib moment: daha yaxşısı – pəncərənin yanında əyləşməkdir. Bu zaman sağ qalmaq ehtimalı 64% dir. Qəza  çıxışlarına yaxın əyləşmək isə daha əlverişlidir. İstənilən hadisə baş verdikdə təyyarədən tez çıxmaq olar.

 Dəri niyə qocalır?

Bu yaxınlarda alimlər sübut etmişlər ki, dərinin qocalması, yəni  sallanması, qırışların  əmələ gəlməsinə şərait yaradan səbəblərdən biri də  orada  kalsium və hidrogen ionlarının  toplanmasıdır. Onlar birləşdirici toxumanın əsas zülalı olan  kollagenlərlə birləşərək onun quruluşunu dəyişdirir. Əgər dəridən kalsium «çıxarılarsa», bu problemi həll etmək olar. Bu halda gildən hazırlanmış maskalar kömək edir. Məsələn, natrium və mis duzları asanlıqla dəri səthindəki  kalsiumu əvəz edir. Nəticədə dəri zərif və hamar olur. Bundan əlavə, əsas problemlər də həll olunur. Həddindən artıq həssaslıq, iltihaba meyllik, quruluq, əvvəlki qırışlar azalır. Bu halda kosmetoloqlar maska qoymaq üçün qırmızı və yaşıl gildən istifadə etməyi məsləhət görürlər.

 Quru meyvələrə nəzarət edilməlidir

Quru meyvələrin nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur. Bu yaxınlarda alimlər aşkar etmişlər ki, bu dadlı məhsullardan orqanizmə aflatoksin daxil olur. Bunu da aspergil adlı kif göbələyi ifraz edir. Bu isə məhsul düzgün hazırlanmadıqda və gigiyenik qaydalara riayət edilməyərək saxlanıldıqda  baş verir. Aflatoksin orqanizmə daxil olduqda qaraciyərdə toplanır, onun toksiki zədələnməsi baş verir. Bu da sonralar xərçəng hüceyrələrinin inkişafına gətirib çıxara bilər. Bunda əlavə, bu maddələr orqanizmin immun sistemini zəiflədir. Odur ki, mütəxəssislər məsləhət görürlər ki, quru meyvələri almamışdan öncə onları diqqətlə nəzərdən keçirməli, onların kifayət qədər gigiyenik qaydalara riayət edilərək qurudulmasına əmin olmaq lazımdır.

 

Hazırladı: S. Aytən