SAĞLAMLIQ

Piylənən dünya

  • 30.01.2009

Planetin əhalisinin həyat tərzi qloballaşma və

urbanizasiya prosesi ilə əlaqədar dəyişir.

 Yer üzündə  şişman insanların sayı getdikcə artır. Mütəxəssislər hesab edirlər ki,  bu hal təkcə həddindən artıq qida qəbulu ilə, hərəki fəaliyyətin azalması ilə müəyyən olunmur, daha çox cəmiyyətin həyat tərzindəki qlobal dəyişikliklərlə izah olunur.

BMT-nin məlumatlarına əsasən qida çatışmazlığına məruz qalanların sayı 1980-ci ildə 920 milyon olduğu halda, 2000-ci ildə 799 milyona enmişdir. Halbuki bu mərhələdə planetin sakinlərinin sayı 1,6 milyarddan çox  artmışdır. Faktiki olaraq insanlar aclıq üzərində qələbə çala bilmişlər. Bu zaman tarixdə ilk dəfə olaraq aclar ilə toxların sayı qismən yaxınlaşmışdır. İndi isə əksinə, insanlar arasında aclıqdan ölənlərdən çox ürək-damar, şəkərli diabet, xərçəng xəstəliklərindən vəfat edənlərin sayı artır. Artıq çəki bu xəstəliklərin inkişafına, gedişinə və ağırlaşmasına təkan verir.

ABŞ üçün piylənmə hazırda ən qlobal problemlərdən biri sayılır. Rəsmi məlumatlara görə, 2000-ci ildə 400 min amerikalı (ölənlərin ümumi sayının 16,6 %-i)  bilavasitə həddindən artıq çəki problemi ilə,  fiziki passivliklə, piylənmə ilə ömürlərini başa vurmuşlar. Sağlamlıq üçün ən böyük təhlükə sayılan  siqaret çəkmə (435 min ölüm və ya 18,1%) ölümlə nəticələnən hadisələrdən 1-cisi kimi qeydə alınmışdır. Təsdiq olunmuşdur ki, piylənmə alkoqolizmdən daha təhlükəlidir. 2000-ci ildə alkoqolizmdən 85 min, odlu silahdan 29 min, narkomaniyadan 17 min ölüm hadisəsi qeydə alınmışdır.

Alyaska ştatı və Kolumbiya federal  vilayətinin əhalisi piylənmədən daha çox  əziyyət çəkirlər. Tibbi xidmətlərə çəkilən xərclərin 6,7 %-i artıq çəki ilə bağlı problemlərə sərf olunmuşdur. Müqayisə üçün göstərmək olar ki, QİÇS-ə 626,3 mln dolları sərf edildiyi halda, artıq çəki problemi  sahəsindəki  tədqiqatlara 102,4 mln ABŞ dolları sərf olunmuşdur. Piylənmə ilə qeydə alınanların sayı QİÇS-lə qeydə alınanların sayından dəfələrlə çoxdur. Piylənmənin müalicəsi isə alkoqolizm və siqaretlə mübarizədən baha başa gəlir. ABŞ-da  piylənmə əlilliyin əsas səbəbi sayılır.

 

Artıq çəki problemi Yer üzünə sürətlə yayılır

 Hazırda ABŞ piylənmə problemi olan ölkələr arasında liderlik  edir. Lakin Avropa ölkələrinin çoxu (Avstraliya, Asiya, inkişaf etmiş Latın Amerikası ölkələri) buna yaxınlaşır. ABŞ-da yaşlıların 65%-i,  Avropada isə artıq 40%-i təşkil edir.

İndi  təəccüb doğuran hallardan  biri kimi  Çindəki vəziyyəti qeyd etmək olar. Ucuz qidalanma nəticəsində Çində 90 milyon insanın artıq çəkidən əziyyət çəkməsi qeydə alınmışdır. Çin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə bu rəqəm 2010-cu ildə 200 milyona çata bilər. Bu hala qarşı Çin məktəblərində rəqs dərslərinin  keçirilməsi qərara alınmışdır. Hazırda hər 5-ci kök adam Çində yaşayır.

Alimlər düşünürlər ki, proses belə sürətlə gedərsə, 2015-ci ildə ABŞ  əhalisinin 75%-i  artıq çəkidən, 41%-i piylənmədən əziyyət çəkəcək. Artıq 2003-2004-cü ildə Röyter agentliyinin verdiyi məlumata əsasən, qaradərili qadınların 80%-i artıq çəkidən, 50%-i piylənmədən əziyyət çəkirdilər.

İqtisadçı D.Lakdavallanın  apardığı tədqiqatlara görə, 30-39 yaşlarında olan insanların sağlamlığında piylənmə ilə əlaqədar ciddi pozuntular kəskin artmışdır. Bu proses cəmiyyətin bütün sosial təbəqələri arasında bərabər yüksəlir. Əvvəllər  hesab edirdilər ki, piylənmə yalnız gəlirləri aşağı səviyyədə olanları zədələyir. Belə  ki, bu insanlar öz sağlamlığına, öz yeməklərinə diqqət yetirmir, idmanla məşğul olmurlar.

Hazırda Amerika həkimləri piylənmə formulunu aşağıdakı sxemlə izah edirlər: qəbul edilən qidanın miqdarı baş beyindən insana verilən siqnallardan asılıdır. İnsan hətta çox az yemək istəyirsə də, bu mümkün olmur, çünki beyin çox tələb edir  Orqanizmdə olan bu dəyişiklik hələ də öz izahını tapmayıb.

 

Təbii və sağlam qida

 Bəzi analitiklər hesab edirlər ki, artıq çəki probleminin geniş vüsət almasına  səbəb insanın əvvəllər vərdiş etmədiyi məhsulları qəbul etməsidir. Cəmiyyət özünün tarixi inkişaf dövründə müxtəlif mədəniyyətlər, yerli təbii şəraitlə və imkanla əlaqədar fərqli qidalanma sistemini yaratmışdır. Belə ki, sahilyanı ərazilərdə yaşayanlar daha çox dəniz məhsulları, maldarlıqla məşğul olanlar isə əsasən ətlə qidalanırdılar. Lakin vaxt ötdükcə bu fərqlər aradan qalxır. Ekspertlərin fikrincə, planetin əhalisinin həyat tərzi qloballaşma və urbanizasiya prosesi ilə əlaqədar dəyişir.

ABŞ administrasiyasının yüksək rütbəli məmuru M. Nestle – özünün «Əmtəə siyasəti» adlı əsərində göstərir ki, qida sənayesinin coşğun inkişafını piylənmə epidemiyasının səbəblərindən biri kimi qiymətləndirmək olar. Qida sənayeçilərinin əsas məqsədi sənaye istehsalından çox mənfəət əldə etməkdir. Ona görə də onlar daha çox ucuz məhsul istehsal edirlər. Bu isə öz növbəsində qeyri-sağlam qida məhsullarının ifrat dərəcədə artmasına gətirib çıxarır ki, nəticədə bunu əldə edən insanların sağlamlığında öz əksini tapır.

 

Diqqət:

Kök uşaqların sayının artması da qeyri-sağlam uşaqların çoxalmasını göstərir. Bu isə gələcəyin xəstə insanı deməkdir. Məsələn, hamıya məlumdur ki, təbii şirələr və süd məhsullarının dəyəri qazlı içkilərlə müqayisəyə gəlməz dərəcədə fərqlidir. Lakin Coca-Cola və Pepsi şirkətləri bir çox məktəblərə öz məhsullarının ucuz qiymətlərlə satışını təklif edirlər, məktəblərin yaxınlığındakı ərazilərdə reklam lövhələri yerləşdirirlər. Doğrudur, artıq bəzi ABŞ ştatlarında və eləcə də digər ölkələrdə, o cümlədən Rusiyanın bir sıra məktəblərində bu cür məhsullar, məsələn, çipsı, duzlu fındıqlar və digər qəlyanaltıların satışı qadağan edilmişdir.

 

Artıq çəki probleminə qarşı hansı vasitələr səmərə verir?

Amerikalıları ilk dəfə düzgün qidalanmaya öyrətmək cəhdləri keçən əsrin 60-cı illərinə təsadüf edir. O zaman ÜST tərəfindən təsdiq edilirdi ki, İspaniya və Yunanıstanın əhalisi ABŞ-a nisbətən yoxsul yaşamasına baxmayaraq, daha uzunömürlüdürlər. Səbəb onda idi ki, onlar daha çox balıq, tərəvəz, bitki yağı ilə qidalanır, ət və süd məhsullarından istifadə etmirdilər. O zaman bu qidalanma tərzi sağlam pəhriz sayılır və dünya dietoloqları tərəfindən təklif olunurdu. Lakin qloballaşma prosesi bu ölkələrdən də yan keçmədi, Yaponiya kimi milli kulinariya ənənələrinə sadiq qalaraq, düyü, tərəvəzlər, dəniz məhsullarına geniş yer verən bir ölkədə də qidalanma tərzi dəyişdi. Ət, makaron, süd, yumurta qəbul edilməsi artdı. Bu səbəblərdən ürək-damar sistemi, diabet, xərçəng xəstəliklərinin sayı çoxaldı. Maraqlıdır ki, hazırda tez qidanı (Fast fud) təklif edən restoranlar şəbəkəsi milli kulinariya mətbəxlərindən daha çox populyardır.

63 ölkədə 18-80 yaşlarda 170 min insan arasında aparılan tədqiqatlar nəticəsində aşkar olmuşdur ki, kişilərin 40, qadınların 30%-i artıq çəkidən, kişilərin 24, qadınların isə 27%-i piylənmədən əziyyət çəkirlər.

                                             Hazırladı: S.Aytən