SAĞLAMLIQ

Hansı hallarda həkimə müraciət etmək vacibdir?

  • 03.02.2009

Çoxları həkimə müraciət etməyi artıq hesab edirlər. Düşünürlər ki, hər hansı nasazlıq, əhvalın yüngül pozulması öz-özünə də keçib gedə bilər. Bunun üçün həkim çağırmağa ehtiyac yoxdur. Lakin sadə qaydalar mövcuddur: əgər yaxşılaşma yoxdursa və ya xəstəlik azalmaq əvəzinə daha da şiddətlənirsə, mütləq peşəkar həkimin köməyinə müraciət etmək lazımdır. Əgər  bir neçə sutka ərzində temperaturun yüksək  olması, bu və ya digər orqanlarda ardı-arası kəsilməyən ağrılar, sancılar mütləq həkimə müraciət etməyə əsas yaradır.

1. Güclü öskürək

Soyuqdəymə və qripdən sonra öskürək bir neçə həftə, bəzən daha çox davam edə bilər. Onu  öskürək əleyhinə bitkili çaylar, dəmləmələr və ya mentollu lövhələrlə yumşaltmaq olar. Başqa simptom olmadan daimi öskürək toza, yuna, ev heyvanlarının tükünə və s. qarşı olan allergiya ilə əlaqədar baş verə bilər.

Hansı hallarda həkimə müraciət etmək vacibdir?

 1) Ağciyərlərin iltihabı  (pnevmoniya) əksər hallarda qrip və ya soyuqdəymədən başlayır. Bu zaman öskürəyin artmasından əlavə digər simptomlar da müşahidə olunur – insan hava çatışmazlığı hiss edir, fiziki gərginlik olmadan təngnəfəslik müşahidə olunur, güclü titrətmə, tərləmə, öskürək zamanı bəlğəm ifrazı müşahidə olunur;

2)  Temperatur tez bir zamanda yüksəlir;

3)  Daimi öskürək (bəzən qanlı) vərəmin əlamətlərindən biri də ola bilər. Bu zaman çəki azalır, yorğunluq artır, xüsusilə gecələr tərləmə müşahidə oluna bilər;

4) Daimi öskürək astma xəstəliyinin də simptomu ola bilər. Bu zaman boğulma da baş verə bilər;

5) Ağciyərlərin xərçəngi (təəssüf ki, hazırda çox yayılmaqdadır) zamanı daimi öskürək müşahidə olunur ki, insan dərindən nəfəs aldıqda döş qəfəsində bəzən kəskin, bəzən isə küt ağrılar hiss edir. Hava  çatışmazlığı və bəlğəmli,  qanlı öskürək də ola bilər.

 2. Daimi baş ağrıları

 Mütəxəssislərin fikrincə, baş ağrılarının 70%-i baş və boyun əzələlərinin gərginləşməsi ilə bağlıdır ki, bu zaman beynə doğru qan dövranında çətinlik yaranmış olur.

Həkimə nə zaman müraciət etməli?

1) Əgər sizdə güclü baş ağrısı bir tərəfi əhatə edirsə, ürəkbulanma, qusma, işığa, səs-küyə qarşı həssaslıq yüksəlirsə bu, miqrenin əlamətləridir. Miqrenin xüsusi müalicəsi mövcuddur;

2) Əgər siz kompüterlə işləyirsinizsə, qoruyucu ekran əldə edin. O, miqrenə şərait yaradan əks olunmaları aradan qaldırır. Fasilələr edin, ekranı elə yerləşdirin ki, yuxarıdan aşağı baxasınız  (bu halda gözlər az yorulur);

3) Əgər baş ağrılarını görmə pozğunluğu da müşayiət edirsə (ikiləşmə, bulanıq görmə), bu zaman beyində şişin olmasından  şübhələnmək olar. Bu zaman yerişdə qeyri-dəqiqlik, ürək bulanma, qusma müşahidə olunur;

4) Başın aşağı hissəsində güclü ağrılar yüksək temperaturla müşayiət olunursa, meningitdən şübhələnmək olar.

 3.  Döş qəfəsində ağrılar və ürək döyünmə

Bəzən sinə nahiyəsində müşahidə olunan ağrılar qıcqırma nəticəsində baş verə bilər. Alkoqol, şirniyyat, yağlı və kəskin qidalar az olarsa, bir dəfəyə az, lakin tez-tez  yemək sizi qıcqırmadan xilas edər.  

Həkimə nə zaman müraciət etmək lazımdır?

1)   Sinədə kəskin ağrılar  çiyinə, qola, kürəyə əks olunarsa, hava çatışmazlığı, ürəkbulanma müşahidə olunarsa, bu, ürək tutmalarının əlamətidir (Bəzən ürək tutmaları  ağrı olmadan ürəkbulanma və təngnəfəsliklə keçir);

2) Sinədə küt ağrılar fiziki gərginlikdən və ya yüksək emosional gərginlikdən sonra (istirahətdən sonra) keçib gedərsə, bu,  aterosklerozla əlaqədar ola bilər;

3)  Güclü ürək döyünmə halları aritmiya ilə əlaqədardır.

 4.  İnsult

Mütləq təcili həkim köməyinə ehtiyac var. Çünki bu zaman beyində geri dönməyən dəyişikliklər baş verə bilər.

İnsultun xarakter simptomları hansılardır?

1) Qəflətən zəifləmə, üz əzələlərinin, eləcə də ayaq və əllərin keyləşməsi və onların idarə olunmaması. Bu, bədənin bir tərəfinin əzələləri ilə də baş verə bilər;

2)  Bir və ya hər iki gözdə görmənin tam və ya hissəvi pozulması;

3) Danışmaq və anlamaq qabiliyyətinin itməsi;

4) Baş gicəllənmə, zəiflik, müvazinətin itməsi və s.

 5.  Naməlum səbəbdən çəkinin azalması

 Güclü stress və problemlərin bolluğu vaxtında qida qəbulunu  yaddan çıxara bilər. Nisbətən artıq aktivlik  də buna şərait yarada bilər.

 Həkimə nə zaman müraciət etməli?

1) Əgər sizdə bununla birgə həm də həyata maraq azalır, yuxusuzluq baş verirsə, bu dəyişiklik depressiya ilə əlaqədar yarana bilər;

2) Əgər çəki azalması yanğı və tezləşən sidik buraxma ilə müşahidə olunursa, bu, şəkərli diabetin əlamətlərindən biri də ola bilər;

3) Əsəbilik, yuxusuzluq, tərləmənin, istiliyin artması, əllərin əsməsi  qalxanvari vəzin funksional pozğunluğu ilə bağlı ola bilər. Bu zaman endokrinoloqa müraciət edilməlidir;

4)  Çəki azalması qarnın yuxarısında ağrılarla müşahidə olunarsa, bu, mədə ağrısı da ola bilər.  

                     Hazırladı:  S. Aytən