SAĞLAMLIQ

Dişlərə qulluq nə vaxtdan başlanır?

  • 20.03.2009

Dişlərə qulluq nə vaxtdan başlanır?

 İnsanın dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf edir. Lakin dişlərə qulluq əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.

Antik təbabətdə 1 çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış  daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər.

Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək  dişləri yeməkdən sonra təmizləyirdilər.

Orta əsrlərdə ağız boşluğunu  yaxalamaq və dişləri təmizləmək  üçün diş eliksirləri yaranır. Onlar arasında ən uzun ömürlüsü benediktlilərin diş eleksiri oldu. Hələ 20-ci əsrin əvvəllərində onu «Müqəddəs Benedikt atalarının diş təmizləyən eliksiri» adlandırırdılar. Bu vasitə 1373-cü ildə Benedikt monaxı Burso tərəfindən kəşf olunmuşdu.

Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Bu zaman o, duzlu dəsmalla dişlərini silir, yenidən dişlərinə  baxdıqda mikroskopun linzasının altında artıq əvvəlki mikrobları görmür. Alim şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Yəqin ki, 91 il ömür sürən alimin sağlamlığına bu üsul çox effektiv təsir etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, duz ağızda   xoşagəlməz dad yaradır. Bundan əlavə, duz heç də həmişə zərərsiz deyil.

Uyğun materiallar axtarışına təxminən 200 il vaxt sərf olunmuşdur. Nəticədə ən yaxşısı kimi təbaşir seçilmişdir. 19-cu əsrin 20-ci illərinə qədər dişləri  pasta əvəzinə  dəsmalla təmizləyirdilər. İlk diş fırçasının forması indikilərdən fərqlənirdi: onun fırçası hər 2 ucunda yerləşirdi, mərkəzi hisssədən isə tutmaq lazım gəlirdi. 100 il keçdikdən sonra, yəni 1929-cu ildə  amerikalı F. Şixt elektrik fırçalarını patentləşdirdi.

Təbaşir diş tozu qismində istifadə edilirdi. 20-ci illərdə təsadüfən Parisdə aşkar olunur ki, o, stomatitin səbəblərindən biri ola bilər. Bu zaman diş pastaları üzərində işlərə başlandı.

Qeyd: pastalar elə dərman formasıdır ki, onların tərkibində tozlar və yağ və ya jeleyəbənzər  kütlələr bərabər miqdarda paylanmışdır.

Əvvəlcə jele tərkibli maddə kimi nişastadan istifadə olunurdu. Ondan qliserinin sulu məhlulunda xüsusi yapışqan hazırlanırdı. Müasir pastalarda nişasta təbaşirin suspenziyasını stabilləşdirən üzvi turşuların natrium duzu ilə əvəz olunur. Diş pastalarının digər komponentləri – mentol, efir yağları (məsələn, cirə, sitrus meyvələri), antiseptiklər və digər əlavələr onların müxtəlif istiqamətlərdə təsirini gücləndirməkdir.

Ümumdünya Səhiyyə təşkilatının ekspertlərinin fikrincə, planetin əhalisinin 95%-ində parodontit xəstəliyi müşahidə olunur. Gingivit, parodontit (diş ətinin iltihabi xəstəlikləridir), kariyes hazırda dişlərin vaxtından əvvəl itirilməsinə gətirib çıxaran ən əlverişli şərait yaradır. Bu xəstəliklərin yaranma səbəblərindən biri də dişlərin düzgün və vaxtında təmizlənməməsidir.

İnsanların çoxu dişlərini düzgün təmizləyə bilmirlər. Diş fırçalarının  yaranması ilə dişləri təmizləməyin müxtəlif üsullar var. Diş fırçalarının tətbiq edilməsində əsas  məqsəd nəinki dişlərin səthini, həmçinin dişlər arası məsafələrdə diş ərpini təmizləmək, həmçinin diş ətini masaj etməkdir. Diş təmizlənməsi proseduru 3 dəqiqədən az olmayaraq davam etməlidir.

Diş fırçaları sərt, orta sərt, yumşaq olur. Sərt diş fırçaları möhkəm diş əti üçün seçilir, onlar həm də diş ətini massaj edirlər. Yumşaq diş fırçaları isə diş ətinin qanlaması zamanı istifadə edilir.

Təhlükəli fırçalar

Uzun müddət insanları inandırmağa çalışırdılar ki, sağlamlıq üçün istənilən təbii material sünidən yaxşıdır. Lakin bunu hər bir əşyaya  şamil etmək düzgün deyil. Məsələn, ingilis stomatoloqları təsdiq edirlər ki, süni materialdan hazırlanmış diş fırçası təbii materialdan hazırlanmış fırçaya nisbətən daha təhlükəsizdir. Belə ki, donuzun daxili üzvlərindən hazırlanmış fırça borulu quruluşa malikdir və onun içərisində külli miqdarda zərərli mikroblar artıb-çoxala bilər. Ona görə də təbii materialdan hazırlanmış fırçalar stomatit və parodontit kimi xəstəliklərin əmələ gəlməsinə şərait yarada bilər.

Diş məcunu sağlamlığa təsir edir

Bu yaxınlarda aşkar olmuşdur ki, oynaqlarda bir çox ağrı və hərəkət pozğunluqları dişlərin florlu diş məcunu ilə təmizlənməsi ilə bilavasitə əlaqədardır. Uzun müddət bunlardan istifadə etdikdə florun artıq miqdarda orqanizmə daxil olması baş verir ki, bu da orqanizmdə sümük florozu xəstəliyinin inkişafına gətirib çıxarır. Əvvəllər hesab edirdilər ki, belə diş məcunları məktəbəqədər uşaqlar üçün təhlükəlidir, indi isə artıq stomatoloqlar təsdiq etmişlər ki, bunlar hamı üçün zərərlidir.

Müalicəvi saqqız

Avropada dişlərin emalının pozulmasını aradan qaldıran saqqız icad etmişlər. Bunun üçün alimlər laktobakteriyaların xüsusiyyətlərindən istifadə etmişlər (xatırdladaq ki, laktobakteriyaların köməyi ilə yoqurptlar hazırlanır). Onlar ziyanlı bakteriyalara dişin emalını zədələməkdə mane olurlar. Tezliklə analoji xüsusiyyətlərə malik diş məcunu və ağız boşluğunu yaxalamaq üçün məhlul da istehsal ediləcək.

Maraqlıdır: Alimlərin apardığı epidemioloji tədqiqatlara görə, appendisit xəstəliyindən əziyyət çəkənlər arasında dişlərini təmizləməyənlər daha çoxdur.

                                                            Hazırladı:  S. Aytən