SAĞLAMLIQ

Sağlam qidalar, Hansı yağlılıq daha yaxşıdır? Qibtə insanı xəstə edir

  • 03.04.2009

Sağlam qidalar

Amerikada nəşr olunan məşhur «Forbes» jurnalı insanların sağlamlığı üçün ən düzgün qida seçiminin siyahısını açıqlamışdır. Bunlara aiddir: giləmeyvələr, qoz, paxlalılar -  yəni uzunömürlülərin gündəlik menyusuna daxil olan qidalar.

Forbes bir çox dietoloqların ət yeməklə bağlı fikirləri ilə də razılaşmır. Belə ki, ekoloji təmiz şəraitdə saxlanılan və yetişdirilən mal-qaranın əti, südü, toyuğun  əti, yumurtası, okean balıqları yemək olduqca xeyirli və vacibdir. Forbesdə qeyd olunur ki, dünyada pis tərəvəz yoxdur. Kələmin istənilən növü, alma, soğan, sarımsaq uzunömürlülüyün qayğısına qalanların yedikləridir. Nar şirəsi qan təzyiqini azaldır və xərçəng hüceyrələri ilə mübarizə aparır.

İçkilərdən isə yaşıl çay ön sıradadır.

 Hansı yağlılıq daha yaxşıdır?

Süd məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərində müxtəlif yağlılıqda süd çeşidlərinə rast gəlmək olar: yağsız (0,5%), 1%, 1,5%, 2,5%, 3,2% və tam (6%).

0,5% yağlı süd - yəni yağsız süd aktiv reklam olunsa da o qədər də faydalı deyil. Əslində təbii yağ digər maddələrlə balansda olmalıdır və qidanın tam mənimsənilməsi və həzminə kömək etməlidir.

1% yağlı süd - əgər pəhrizdəsinizsə, onu seçin.

2,5% yağlı süd - qastroenteroloqlar onu məsləhət görürlər. Çünki tərkibində vitaminlərin və kalsiumun maksimum mənimsənilməsi üçün şərait var.

3,2% yağlı süd - xüsusilə kalorilidir. Bədən çəkisi az olanlar və xəstəliklərdən sonra zəifləmiş insanlar üçün vacibdir. Lakin qanda xolesterini artırır.

 

 Qibtə insanı xəstə edir

Çikaqo universitetinin əməkdaşları insanların maddi vəziyyətinin ətrafdakılara necə təsir etdiyini öyrənməyə çalışmışlar. Onlar 57-85 yaşlarında bir neçə min insanı müşahidə etmişlər. Məlum olmuşdur ki, maddi vəziyyəti qənaətbəxş olmayanlar ətrafdakı imkanlılarla təmasda olduqca ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər. Belə insanlarda imkanlılara qarşı qibtə hissi yaranır və bu da onların səhhətində özünü büruzə verir. 

 Hazırladı: S.Aytən