SAĞLAMLIQ

Gavalı qaragilə kimi təsir edir

  • 03.04.2009

Gavalı qaragilə kimi təsir edir

ABŞ-ın Texas ştatında elmi tədqiqat laboratoriyasında işləyən alimlərin gəldiyi qənaət budur: gavalının da tərkibində qaragilədə olan antioksidantlar var. Bu məlumatı  «Telegraph»  qəzeti dərc etdirmişdir.

Antioksidantlar orqanizmdə sərbəst radikalların əmələ gəlməsi prosesini ləngidən təbii və ya sintetik maddələrdir. Orqanizm hər zaman tam oksidləşməmiş mübadilə məhsullarının təsirinə  məruz qalır ki, bu da müxtəlif ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Ona görə də qida ilə antioksidantların – A, C, E vitaminləri, beta karotin, bioflavonoidlər, selen və s.  qəbul edilməsi xəstəliklərlə mübarizədə kömək edir.

Antioksidant tərkibli qidalar arasında qaragilə liderlərdən sayılır. Lakin bitkiləri  hər zaman hər kəsin yemək imkanı yoxdur. Onlar bəzi meşələrdə   bitir və bahalıdır. Tədqiqat aparan alimlər qeyd edirlər ki, gavalı bu barədə heç də qaragilədən geri qalmır və qiyməti də dəfələrlə ucuzdur.

İngilis dietoloqları da bu fikirdədirlər ki, qaragilə axtarmaqdansa, gündə heç olmasa 2-3 gavalı yemək daha asan və sərfəlidir.

 Bu yaxınlarda isə ABŞ alimləri qaragilənin tərkibində pterostilben adlı antioksidantın olduğunu öyrənmişlər ki, bu maddə bağırsaqlarda xərçəng əmələ gəlməsinin qarşısını alır. Qaragilədən başqa bu maddə üzümdə, klükvada və brusnikada da var. Qeyd edək ki, qaragilə görmə zəifliyinə və sidik kisəsinin iltihabına müalicəvi təsir edir.